Mərkəzi Bankdan koronovirusla bağlı açıqlama - Ödənişlər asanlaşdı

19:21 - 22.03.2020


22 mart, Fineko/abc.az.  Mərkəzi Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirib.

 Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Mərkəzi Bankda və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara könüllü ödəniş və ianələr artır.

 Belə ki, Mərkəzi Bank tərəfindən kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada qəbulunun təşkili üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nda qeyd olunan hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə xüsusi funksionallıq və mexanizm yaradılıb.

Bundan sonra bütün hüquqi və fiziki şəxslər bankların və Azərpoçt MMC-nin filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən www.gpp.az/kmdf və mobil əlavəsindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində həmin hesablara vəsaitlərini köçürə bilərlər.

Qeyd edək ki, Mərkəzi Bankda və Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Nazirlər Kabinetinin rəsmi internet səhifəsində (www.cabmin.gov.az) yerləşdirilib.

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər