330x110
 

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

24.03.2020,10:22


24 mart, Fineko/abc.az.   Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların (o cümlədən ər-arvadların) qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək. Belə ki, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən tənha yaşayan və yaşı 70-dən yuxarı olan, ahıl şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin olunurlar. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlər.

Bundan sonra karantin dövrü ərzində həmin sosial məişət xidmətləri yaşı 65-dən yüksək olan və tənha yaşayan vətəndaşları da əhatə edəcək.

Bunun üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar. Bundan sonra qeyd edilən xidmətlər onlara göstəriləcək.