330x110
 

Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa imkan verə bilər - Vüsal Qasımlı

25.03.2020,14:40


25 mart, Fineko/abc.az.   Xüsusi karantin rejimi böyük əhəmiyyət daşıyır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda tətbiq edilmiş karantin rejiminə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. V. Qasımlı deyib ki, bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdır: "Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də sosial izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin sosial məsuliyyətidir. Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa və  vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər”.

 

 Müəllif: Elmir Murad