Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanılıb

17:07 - 25.03.2020


25 mart, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb.

ABC.AZ-a Nazirlikdən verilən məlumata görə, respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

Bu sahədə işlər DOST və “ASAN könüllüləri”, YAP könüllüləri, həmçinin Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri cəlb edilməklə yerinə yetirilir.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, onlara ödənişsiz taksi xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də bu işə öz dəstəyini göstərir.

Bütün xəbərlər