Bakıdan beynəlxalq istiqamət üzrə uçuşlar yalnız Moskva və London şəhərlərinə olacaq

21:56 - 26.03.2020


 26 mart, Fineko/abc.az.  Bu gündən etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcəkdir.

“Azərbaycan Hava Yolları” QSC-dən ABC.AZ -a bildirilib ki, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə).

Bakı-London marşrutu üzrə reys, həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcək, Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə).

Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə “AZAL”ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri “AZAL” aviaşirkətinin saytından əldə etmək olar (www.azal.az).

Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir.

Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovağzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovağzal binasına girişi qadağandır.

Bir daha xatırladırıq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir.

Bütün xəbərlər