330x110
 

SOCAR və “Equinor Apsheron AS” arasında yeni əməkdaşlıq sazişi imzalanıb

30.03.2020,14:42


30 mart, Fineko/abc.az. Martın 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul edib.

SOCAR-dan ABC.AZ-a bildirilib ki, görüşdə “Qarabağ” yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunmuş, yeni istiqamətlərdə, o cümlədən sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.19 mart 2020-ci il tarixində tərəflər uğurlu qazma əməliyyatı nəticəsində Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik olan yeni “Qarabağ” yatağının kəşf olunmasını elan etmişlər. “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk neft yatağıdır. Görüşdə “Equinor Apsheron AS” şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən “Qarabağ” yatağının işlənməsində öz davamlı iştirakını təsdiq etmişdir.

Görüş çərçivəsində SOCAR və “Equinor Apsheron AS” şirkətiləri arasında SƏTƏM istiqamətimdə səylərin gücləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalanıb.

Yeni saziş SOCAR və “Equinor Apsheron” şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir.

Sənədi SOCAR-ın pezidenti R.Abdullayev və “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri F.Qurayşi imzalayıb.