330x110
 

Hökumətdən pul almaq istəyənlər bu addımı atmalıdır - Açıqlama

07.04.2020,11:17


7 aprel, Fineko/abc.az. İqtisadiyyat nazirliyi müqavilə ilə işləyənlərə vəsaitlərin ödəniləcəyi vaxtı açıqlayıb.

ABC.AZ nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara da maliyyə dəstəyi göstəriləcək. Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.

Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka müvafiq göstəriş veriləcək, ayrılmış vəsaitlər ünvanlarına çatdırılacaq.

Bu işlərin dəqiq icra mexanizmini özündə əks etdirən Proseslər Xəritələri hazırlanıb və bu barədə həm işəgötürənlərə, həm də fərdi sahibkarlara ətraflı məlumat yaxın vaxtlarda onlara şəxsi elektron kabinetləri, SMS və bildirişlər vasitəsilə çatdırılacaq.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də fərdi sahibkarların siyahısının dəqiqləşdirilməsi prosesi başa çatmaq üzrədir.