Ölkələrin epidemiya zərərini azaltmaq üçün ayırdığı vəsaitlər - Azərbaycan ön sıralardadır

10:42 - 31.03.2020


31 mart, Fineko/abc.az. Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-in 3,1 faizini təşkil edir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, müqayisə üçün Azərbaycandan fərqli oıaraq Gürcüstan hökuməti 1 milyard Gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib.

V. Qasımlı müqayisəni tək Gürcüstanla aparmayıb və digər ölkələrin antiböhran proqramını açıqlayıb: "Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizini təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-nin 2 faizini təşkil edən 100 milyard TL-lik yardım paketi açıqlayıb. Qırğızıstanın ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər samballı və miqyaslıdır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər