Millət vəkili hansı halda neftin qiymətinin bahalaşa biləcəyini açıqladı

11:10 - 2.04.2020


2 aprel, Fineko/abc.az. Neftin mövcud qiymətləri çox aşağıdır və ABŞ bunun dəyişməsi, neft bazarında yenidən qiymət artımına nail olmaq üçün danışıqlar aparır.

Bunu ABC.AZ-a neftin ucuzlaşmasının səbəblərinə münasibət bildirərkən millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, mövcud qiymət ABŞ-ın, o cümlədən neft hasilatçılarının marağında deyil və bu ABŞ-da da neft istehsalının azalmasına, həmçinin onun dünya bazarındakı payının kiçilməsinə gətirib çıxarır: "Bu  baxımdan neftin dünya bazarında qiymətindəki dəyişiklik birbaşa Səudiyyə Ərəbistanı ilə Rusiya arasında razılığın əldə edilib-edilməməsindən asılıdır. OPEC+ formatına qayıtmaq neftin qiymətlərində yenidən artıma gətirib çıxara bilər. Nəzərə alsaq ki, bu gün koronovirusun təsirləri səbəbindən neft bazarında təxminən gündəlik olaraq 10 milyon barrel tələbin azalması müşahidə olunur və bazarda neft bolluğu var, təbii ki, bu birbaşa qiymətlərə təsir edir. Bu baxımdan  hasilatın azaldılması ilə bağlı OPEC+ formatı bərpa olunarsa neftin qiymətində artımlar müşahidə edilə bilər. ABŞ prezidenti Donald Tramp artıq bu istiqamətdə həm bir sıra neft şirkətlərinin sahibləri ilə, həm də Səudiyyə hökuməti ilə müəyyən diplomatik danışıqlar aparır. Təbii ki, əgər bu reallaşarsa nəticə etibarı ilə  biz neftin qiymətində yenidən müəyyən artımlar müşahidə edə bilərik. Amma  tərəflər razılıq əldə etməzsə neftin qiymətinin 15 dollara qədər enməsi ola bilər". Qeyd edək ki, hazırda dünya bazarında neftin qiyməti 20-25 dollar arasında dəyişir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər