Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb - 5 faiz

11:40 - 2.04.2020


2 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 milyon ABŞ dolları və ya 3,1 faiz  artıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin mart sayında qeyd olunub.

Məlumata görə, bu müddətdə qeyri-neft sektoru üzrə 296 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon ABŞ dolları və ya 5 faiz artıb.

Bu ilin yanvar-fevral ayları ərzində Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon,  İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin iki ayında Rusiyaya qeyri-neft ixracı 7,4 faiz, Türkiyəyə 18,5 faiz,  İsveçrəyə 40 faiz və Çinə 19,9 faiz artıb.

 

Bütün xəbərlər