330x110
 

Əmanətlərin 84 faizi qorunur - Hesabat

02.04.2020,16:03


2 aprel, Fineko/abc.az. Bank sektorunun likvid aktivləri cəmi aktivlərin 28.6 faizini (6.3 milyard manat) təşkil edir.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, sektorun ani likvidlik əmsalı 59.4 faiz təşkil etməklə, minimum tələbi (30 faiz) iki dəfə üstələyir.

2019-cu ilin sonuna bankların Mərkəzi Bankdakı müxbir hesabları 2.4 milyard manat, “nostro” müxbir hesablarda (digər banklarda) olan vəsaitlər 3.8 milyard manat, likvid qiymətli kağızlarda olan vəsaitlər 1.6 milyard manat, nağd vəsaitlər isə 1.5 milyard manat təşkil edir. Keçən il ərzində bank sektorunun cəmi öhdəlikləri 10.7 faiz (2.7 milyard manat) artaraq 28.1 milyard manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 75.8 faizi həcmindədir ki, bunun da 40 faizi (8.7 milyard manat) əhalinin əmanətləridir.

Əmanətlərin həcmində artım müşahidə olunub. Əhalinin bank əmanətləri 3.1 faiz artaraq 8.7 milyard manata çatıb. Əmanətlərin 84 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.