Neftin qiyməti hələ uzun müddət aşağı intervalda olacaq - Səbəblər

11:50 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı qlobal şoklar, pandemiya və aşağı neft qiymətləri dövrünün başlaması ilə yeni tarazlıq vəziyyətinə keçəcək.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, ötən il cari əməliyyatlar balansında 4,4 milyard dollar, kapitalın və maliyyənin hərəkəti balansında isə 0,1 milyard dollar profisit yaranması, həmçinin ehtiyat aktivlərinin 5,1 milyard dollar artması neftin hər barel üçün orta hesabla 64 dollar qiyməti şəraitində baş tutub. Onun sözlərinə görə, bu il isə 60 faiz ucuzlaşan neftin qiyməti, kəskin azalan tələbin, bazarlar uğrunda mübarizənin və “ağzına qədər dolan” anbarların diktəsi ilə hələ uzun müddət aşağı intervalda olacaq: "Üstəlik Azərbaycanda neft hasilatının ilbəil azalması və maya dəyərinin artması da nəzərə alınmalıdır. Belə şəraitdə iqtisadiyyatın “güzgüsü” sayılan tədiyyə balansının tarazlaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün əsas mənbə sərmayə qoyuluşunun artırılmasıdır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər