Dövlətin dəstək proqramı bank sektorunu xilas edir - Vüsal Qasımlı

15:08 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Biznes kreditlərinin dövlət tərəfindən subsidiyalaşdırılması və zəmanət verilməsi kommersiya banklarının risklərlə bağlı ənənəvi arqumentlərini aradan qaldırır.

ABC.AZ xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, dövlətin dəstək proqramı bank sektorunu da xilas edir. V. Qasımlı bildirib ki, bunun əvəzində bank sektoru ona uzadılmış kömək əlini qiymətləndirməlidir və özəl sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməlidir: "Dövlətin büdcə və pul-kredit siyasətinin iqtisadiyyata stimullaşdırıcı təsiri qısamüddətlidir. Tələbi qısamüddətli stimullaşdırmaq asandı, əsas təklifin davamlı artımına nail olmaqdır. İndi verilən dəstək proqramının ortamüddətli dönəmdə təsirini davam etmək üçün institutsional islahatlar, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı islahatlar, insan kapitalının inkişafı və xarici bazarlara daha geniş miqyasda çıxış istiqamətində fəaliyyətlər davam etməlidir. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi modelin, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənməsi prosesi daha da sürətlənməlidir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər