Evdən çıxmaq üçün verilən icazənin detalları - AÇIQLANIB

15:32 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.

ABC.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

O qeyd edib ki, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldikdən hesablanır: “İcazələrin məqsədinə dair 3 kod təyin edilib.  1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür. Belə ki, nümunə olaraq ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etməyə dair icazə əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşları 2 AZE 1111111 məzmunlu SMS-i 8103 qısa nömrəsinə göndərməlidirlər".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər