330x110
 

Prezident Bakı-Sumqayıt yolundakı genişləndirilmə işləri ilə tanış olub

03.04.2020,16:04


3 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.

ABC.AZ xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrə - Masazır körpüsü deyilən yerə qədər yolların genişləndirilməsi ilə bağlı işlər artıq beşinci aydır ki, davam edir. Əsas məqsəd 20 Yanvar – “Şamaxinka” deyilən tunelin çıxışından başlayaraq mövcud dörd hərəkət zolaqlı avtomobil yolunu genişləndirmək idi. Bundan başqa, “Xırdalan dairəsi” deyilən hissədə yeni tunelin inşası başlayıb. Nəticədə mərkəzdən gələn maşınlar yalnız Bakı-Quba-Rusiya Federasiyası istiqamətində hərəkət edəcəklər. 20 Yanvar dairəsindən hərəkətin istiqaməti isə yol nişanları ilə ayrılacaq. Yəni, Binəqədiyə, Biləcəriyə, ondan əlavə, Masazıra və Sumqayıta gedən avtomobillər sağ hissə ilə iki zolaqda hərəkət edəcəklər: "Yolun Xırdalan dairəsi hissəsində yeni tunel və 495 metr uzunluğunda, 7,5 metr enində iki hərəkət zolaqlı yan yolu açmışıq. Yeni tikilən tunelin eni 9 metrdir. Bundan əlavə də bir yenilik etmişik. Deməli, Şamaxıdan, Xocəsəndən və Lökbatandan gələn avtomobillərin birbaşa 20 Yanvar dairəsinə girişini məhdudlaşdırmışıq. Biz bu hissədə işlərin artıq 80 faizini yerinə yetirmişik. May ayının sonuna qədər yəqin ki, tamamlayacağıq".