330x110
 

Postsovet məkanında böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkə Azərbaycandır - Açıqlama

05.04.2020,13:17


5 aprel, Fineko/abc.az. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Xəbər verdiyimiz kimi əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yeni təsdiq edilmiş Tədbirlər Planını şərh edərkən deyib.

O bununla yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulduğunu da qeyd edib:

"Sonuncu istiqamət makroiqtisadi və maliyyə sabitliyi adlanır. İri maliyyə tutumu olan tədbirlər planını həyata keçirmək üçün yeni makroiqtisadi çərçivə hazırlanmalıdır. Fiskal siyasətdə ediləcək dəyişikliklərə uyğun olaraq monetar siyasətin qarşısında yeni vəzifələr dayanır. Mərkəzi Bank zərər çəkən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə banklara requlyativ tətil verəcək. Ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunması təmin ediləcək.

Bütövlükdə, Tədbirlər Planının qarşısında əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq və post-pandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir. Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə ayrılan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin olunacaq. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar. Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır. Bundan başqa postsovet məkanında korona-böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd ölkəmizi post-korona dövründə daha əlverişli mövqelərə çıxarmaqdı".