330x110
 

Obyekt sahibi həbs olundu - Karantin qaydalarını pozurmuş

06.04.2020,12:14


6 aprel, Fineko/abc.az. Aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

ABC.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilmiş, 4 nəfər isə inzibati cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında xüsusi polis postlarından,  həmçinin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3 796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1 588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3 800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.