Pensiyaların ödənmə tarixi dəyişdi Mərkəzi Bank əhaliyə çağırış etdi

16:09 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVİD - 19” pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də Ünvanlı Dövlət Sosial Yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.

ABC.AZ Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, pensiya ödənişlərinə münasibətdə Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ödənişlərin ayın 8-i tarixində, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-u tarixində, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-u tarixində, Respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-i tarixində ödənilməsi müəyyən edilib. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.

Məlumatda qeyd olunub ki, Covid-19 pandemiyası ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunduğundan həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Xüsusi karantin dövründə pensiya, müavniət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər