Yeni müəssisədə 120 min tibbi maska istehsal ediləcək - Açıqlama

17:25 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıtda maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

ABC.AZ xəbər verir ki, açılışdan sonra İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat veriblər.

Məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib.

Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər