Azərbaycanda kapital və əmlak amnistiyası ola bilər - Vüsal Qasımlı

10:17 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir:

“Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi. Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür. Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10 milyard avro vəsait deklarasiya edilmişdi, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb. Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib. Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları gözləntiləri müxtəlif səviyyələrdə doğruldub".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər