“Vergi Məcəlləsi”nə edilən dəyişikliklər sahibkarları öz bizneslərini “ağartmağa” sövq edir - Vüsal Qasımlı

10:38 - 7.04.2020


7 aprel, Fineko/abc.az.  Sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda “müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, vergi və gömrük orqanlarının 2019-cu ildəki “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil oldu. V. Qasımlı qeyd edib ki, Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə əsasən 8,7 faiz təşkil edir: "Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının təhlili göstərir ki, ölkədə illik qənaətin həcmi 20-25 milyard manatdır. Buna görə də,  dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması potensialının olduğunu demək mümkündür. Əslində kapital və əmlak amnistiyası “kölgə iqtisadiyyat”a qarşı mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini “ağartmağa” sövq edir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər