Azərbaycanın reytinq proqnozu dəyişib - Fitch hesabat yaydı

10:57 - 13.04.2020


13 aprel,Fineko/abc.az. "Neftin ucuzlaşmasının və koronavirus pandemiyasının yaratdığı şoklar Azərbaycanın xarici buferlərinə mənfi təsir edir və makroiqtisadi sabitliyin pozulması riskini artırıb".

Bu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında qeyd olunub. Təşkilat Azərbaycanla bağlı xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə dəyişib.

Agentliyin məlumatına görə, Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi ümumi dövlət borcunun aşağı olmasını (2019-cu ildə ÜDM-in 19,1% səviyyəsində) əks etdirir.

"Fitch" qeyd edir ki, 2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mart ayında 1,9 mlrd. ABŞ dolları daxil olmaqla valyuta hərraclarında 2,9 milyard dollar satıb. Ümumiyyətlə, ARDNF 2020-ci ildə satışını planlaşdırdığı xarici valyutanın 45%-ni artıq realizə edib.

"Fitch"in məlumatına görə, Dünya Bankının "Ease of Doing Business" göstəricilərində Azərbaycan 2019-cu ildə yaxşı nəticələr əldə edib, lakin iqtisadiyyatı şaxələndirmək üçün əhəmiyyətli qeyri-neft xarici investisiyaları cəlb etmək imkanı qeyri-müəyyən olaraq qalır.

 

 

Bütün xəbərlər