ARDNF-nin aktivləri 1 milyarddan çox azalıb - Hesabat

11:25 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Koronavirus pandemiyası bu ilin ilk rübü ərzində dünya iqtisadiyyatı üçün olduqca ciddi təhdidlər yaradıb. Bu müddət ərzində dünya səhm indekslərinin dəyərində təxminən 20%-25%-lik enmə müşahidə olunub ki, vəsaitlərinin aktivlər üzrə bölgüsündə səhm investisiyalarının əhəmiyyətli hissəni təşkil etdiyi bir çox analoji suveren fondlar üçün də bu təqribən mənfi 14%-16%-lik gəlirliliyə səbəb olub. Bütün bunlar təbii ki, ARDNF-nin investisiya portfelinə də təsirsiz ötüşməyib.

ABC.AZ xəbər verir ki, bu ARDNF-in yaydığı statistik məlumatlarda qeyd olunub.

Bildirilib ki, daha əvvəl də qeyd edildiyi kimi ARDNF-nin investisiya portfelinin 80%-dən çoxunun yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarət olması mümkün təsirləri ciddi şəkildə azaltmağa imkan yaradıb.

Beləliklə vaxtından əvvəl transfert ödənişləri, habelə ARDNF-nin investisiyalarının bazar dəyərində qeydə alınan qısamüddətli dəyişkənlik nəzərə alınaraq 2020-ci ilin birinci rübünün sonuna ARDNF-nin aktivləri 41 milyard 349 milyon 500 min ABŞ dollarına bərabər olub. Xatırladaq ki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 43 milyard 323 milyon 300 min ABŞ dollarına bərabər olmuşdu. Beləliklə., ilk 3 ayda Fondun aktivləri 1 milyard 973 milyon 800 min dollar azalıb.

 

Bütün xəbərlər