Körfəzdəki suveren fondların aktivləri bu il 296 milyard dollar azalacaq - Proqnoz

10:47 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Qiymətli kağızlar bazarında 20-25 faizlik eniş aktivləri dəyərsizləşdirir və pandemiya ilə mübarizədə suveren fondların xərcləri artıb.

ABC.AZ xəbər verir ki, bunu  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, “JPMorgan"-ın hesablamarına görə, qlobal pandemiyanın təsiri ilə dünyadakı suveren sərvət fondları təxminən 1 trilyon dollar dəyərində kapital itkisinə məruz qalıb. Onun sözlərinə görə, Körfəzdəki suveren fondların aktivlərinin bu ilin sonuna qədər 296 milyard dollar azalacağı proqnozlaşdırılır:  "Dünyanın ən iri suveren fondu – Norveçin Pensiya Fondu bu ilin ilk rübündə 113 milyard dollar, başqa sözlə, Azərbaycanın Dövlət Neft Fondunun həcmindən az qala üç dəfəyə qədər böyük dəyəri itirmişdir. Qlobal şoklar nəticəsində bu ilin ilk rübündə Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq isə 2,1 milyard manat olmuşdur. Dövlət Neft Fondunun investisiya portfelinin 80 faizindən çoxunu likvid və sabit gəlirli alətlər təşkil etdiyindən, qlobal şokların fondun aktivlərinə təsirini minimuma endirmək mümkündür. Eyni zamanda Fondun investisiya portfelinin 66 faizinin ABŞ dollarında olması və bu valyutanın real effektiv məzənnəsinin bu ilin əvvəlindən 8,5 faiz bahalaşması aktivlərin dəyəri üçün əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Dövlət Neft Fondunun vəsaitlərinin 22,8 faizinin saxlandığı avronun da real effektiv məzənnəsi bu ilin əvvəlindən 3 faiz bahalaşıb".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər