Ölkənin aparıcı audit şirkətlərindən biri olaraq aparılan siyasətə öz töhvəmizi veririk

12:40 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Pandemiya və onunla mübarizə yollar barədə “Baker Tilly” şirkətinin Partnyoru Ziya İbrahimovla söhbət etdik.

ABC.AZ həmin müsahibəni olduğu kimi sizə təqdim edir.

Pandemiya və onunla əlaqədar görülmüş karantin tədbirlərinin audit sektoruna təsirini necə dəyərləndirərdiz ?

Bildiyiniz kimi, mart ayının sonundan etibarən ölkəmizdə xüsusi karantin rejimi hökm sürməkdədir. Audit sektoru da bu tədbirlərə öz töfhəsini verir desək yanılmarıq. Tənzimləyici qurum olan Auditorlar Palatası ölkədə təşkil edilmiş tədbirləri dəstəkləyir, koronavirus təhlükəsinin yaranmasının qarşısını almaq məqsədilə palataya üzv olan auditor təşkilatlarına və sərbəst auditorlara mümkün olduğu qədər audit müqavilələrinin icrasını ertələməyi, şəraitə uyğun olaraq uzaqdan iş prinsipi ilə işləməyi tövsiyə edib. Bununla bağlı palata sədrinin xüsusi sərəncamı da mövcuddur. Biz ölkənin aparıcı auditor təşkilatlarından biri olaraq, aparılan siyasətə öz töhfəmizi veririk. Belə ki, bildiyiniz kimi, hər sektorun özünəməxsus özəllikləri olduğu kimi, bizim sektorda da bu xüsusiyyətlər vardır. Bunlar müştərinin ofisində audit prosedurlarının yerinə yetirilməsindən başlayaraq, bəzi önəmli məsələlərin həlli üçün toplanaraq, yerində qərar verməyə qədər olan xüsusiyyətlərdir. Lakin ölkəmizdə elan edilmiş karantin rejimi bu imkanları məhdudlaşdırdığından, göstərdiyimiz  iş və xidmətlərin keyfiyyəti, effektivliyi və vaxtında təhvil verilməsi risk altına düşüb. Bu səbəbdən, biz bəzi layihələrin icrasını və ya bir hissəsini karantindən sonrakı dövrə saxlamaq məcburiyyətində qaldıq. Bununla belə, unutmaq olmaz ki, bizim iş prinsiplərimiz müştərilərə xidmət üzərində qurulub və bu gün fəaliyyət göstərən bəzi strateji sahələr var ki, bu sahədə olan müştərilərimizə gündəlik olaraq xidmət göstərməyə davam edirik. Belə təşkilatlara əsasən maliyyə qurumlarını və dövlət qurumlarını aid etmək olar.

Karantin dövründə iş rejimi hansı qaydada təşkil edilir və bu rejim işlərin keyfiyyətlə icra edilməsinə imkan verirmi?

Bildiyiniz kimi, biz xidmət sahəsini təmsil edirik və bizim ən dəyərli aktivlərimiz əməkdaşlarımızdır. Belə ki, xüsusi karantin rejimi elan ediləndən bir qədər əvvəl biz işçi heyətimizin təhlükəsizliyini təmin etmək məqsədilə kiçik və orta mütəxəssislər heyətinin uzaqdan işləməsini təmin etdik. Bütün kompyuterlərdə WiFi və VPN quraşdırılmaqla, əməkdaşlarımızın bir-biri ilə, eləcə də müştərilərlə ünsiyyətini “Zoom”, “Skype” və “GoToMeeting” kimi bir sıra platformalar üzərindən qurmasına  nail olduq. İlk günlərdə uzaqdan işləməyin çətin olacağını düşünsək də, daha sonra bu sistemin çox səmərəli olduğunu aşkar etdik. Düşünürəm ki, bugünkü vəziyyətdə işimizdə ləngimələr baş vermir və 24/7 rejimində müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirməyə davam edirik. Bütün bu müddətdə ofisimiz rəsmi olaraq işləyib və rəhbər işçilər daim iş başında olublar.  

Bəzi sahələrin pandemiyadan zərər çəkməsini nəzərə alsaq müştəri sayında azalma varmı?

Biz bugünkü vəziyyətdə daim müştərilərimizin yanında olmağa davam edirik. Danılmaz faktdır ki, iqtisadiyyatın müəyyən sahələri digərlərinə nisbətdə koronavirus pandemiyasından müxtəlif formada təsirlənir. Lakin düşünürəm ki, dövlətimizin dəstək tədbirləri və virusun yayılması templərinin azalması ilə o sektorlar da tezliklə özlərini bərpa edəcəklər. Bizə gəldikdə isə hər hansı bir müştəri itkisi yoxdur və düşünürəm ki, bu sektorda fəaliyyət göstərən digər həmkar şirkətlər üçün də belədir. 

Karantin davam edərsə zərərçəkənlər siyahısında olmamaq üçün hər hansı qabaqlayıcı tədbirlər görülübmü?

Hal-hazırda koronavirusun yayılması ilə bağlı proqnozlar tam dəqiq olmadığı üçün qabaqlayıcı tədbirlərin mahiyyət və müddət baxımından hansı formada dəyişəcəyini demək bir qədər çətindir. Biz proqnozlarımızı həftəlik, aylıq və rüblük əsaslarla qururuq. Müştərilərimiz və əməkdaşlarımız qarşısında öhdəliklərimizi maksimal olaraq vaxtında və keyfiyyətlə icra etmək üçün mümkün variantları daim müzakirə edirik. 

Hökumətin COVİD – 19 pandemiyası ilə bağlı həyata keçirdiyi karantin tədbirlərini bir vətəndaş  və iş adamı olaraq necə qiymətləndirirsiz?

Xüsusi karantin rejimindən ən çox zərər çəkən dövlət və hökumətdir. Karantin rejimi hər gün dövlətə milyonlarla ziyan vurur, lakin dövlət bu zərəri çəkdiyi dövrdə belə vətəndaşlarına öz dəstəyini göstərir . Heç təsadüfi deyil ki, ölkə prezidenti də çıxışlarında bunu dəfələrlə vurğulamış və vətəndaşlarımızın sağlamlığının prioritet olduğunu söyləyib. Biz də şirkət rəhbərliyi olaraq, bu tədbirləri dəstəkləyir və analoji olaraq dəyərli əməkdaşlarımızın bu çətin dövrdə sağlam olması üçün bacardığımızı edirik.

Bütün xəbərlər