Turizm sektoru üçün yeni proqram hazırlanıb - Qaydalar

15:27 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Safety and hygiene methods and norms) hazırlanıb.

ABC.AZ Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, COVID-19 pandemiyasının dünya üzrə ən çox mənfi təsir etdiyi sahə olaraq turizm yeni formalaşma dövrünə daxil olub.

SAHMAN proqramının əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, bu proqram Azərbaycanın post-pandemiya turizminin rəqabət qabiliyyətini artırmaq üçün hazırlanıb. Fuad Nağıyev layihənin digər dövlət qurumları ilə koordinasiyada hazırlandığını, BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini bildirib. O qeyd edib ki,  proqramın icrasına nəzarət üçün yerli və xarici mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinqlər aparılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər