Hansı halda karantin rejiminin yenidən sərtləşdiriləcəyi məlum olub - Nazirdən açıqlama

11:05 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Operativ Qərargah ötən həftənin şənbə günü pandemiya ilə əlaqədar brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir.

Nazir qeyd edib ki, hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər. Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır: "Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir. Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər