Əmanətlərin tam sığortalanmasının davam etməsi əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdıracaq - Mərkəzi Bankdan açıqlama

15:58 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz  kimi  əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanıb.

ABC.AZ Mərkəzi Bankın yaydığı məlumata istinadən bildirilir ki,  bu qərar pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlar kontekstində yenə də ilk növbədə ölkə əhalisinin maraqlarının təmin olunmasına və ölkədə maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlib.

Bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin məbləğindən və valyuta növündən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 dekabr 2020-ci il tarixinədək uzadılıb. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının dəstəklənməsinə və bank sektoruna etimadın daha da gücləndirilməsinə imkan verəcək. Əmanətlərin tam sığortalanmasının davam etməsi bank sektorunda restrukturizasiyanın başa çatdırılması və beləliklə sektorun sağlamlaşdırılmasını ciddi dəstəkləməklə onun iqtisadiyyatda rolunun artmasına, biznesin və əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına təkan verəcək.

Bu qərar 7.3 milyard manat həcmində əmanətləri əhatə etməklə ümumilikdə 8.3 milyon əmanətçinin (bura bir əmanətçi üzrə müxtəlif banklarda olan müddətli əmanət hesabları, habelə cari hesablar daxildir) maraqlarının qorunmasına xidmət edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər