Xalis zərəri 10 dəfə azalan bank - Hesabat

11:14 - 28.04.2020


28 aprel, Fineko/abc.az. "Muğanbank" ASC 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 11 milyon 806 min manat, cəmi xərcləri 12 milyon 426 min manat təşkil edib.

Xərclər gəlirləri üstələdiyindən Bankın 620 min manat əməliyyat zərəri yaranıb.  Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 680 min manat ayrıldığı üçün zərər 1 milyon 300 min manata yüksəlib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart dövründə "Muğanbank"-ın cəmi gəlirləri 14 milyon 262 min manat, cəmi xərcləri isə 12 milyon 927 min manat təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 335 min manat əməliyyat mənfəəti yaranmışdı. "Muğanbank" ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına 14 milyon 601 min manat ayırdığından ilk rübü 13 milyon 264 min manat xalis zərərlə bağlamışdı. Beləliklə də 2019-cu ilin ilk rübü ilə müqayisədə "Muğanbank"-ın ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına ayırması 21 dəfədən çox, xalis zərəri isə 10 dəfə azalıb.

 

Bütün xəbərlər