Ölkənin ən köklü banklarından olan "AGBank"-ın bundan sonra sağlamlaşdırılması istiqamətində sanballı işlər görüləcək - Əkrəm Həsənov

11:55 - 28.04.2020


28 aprel, Fineko/abc.az. "AGBank klassik nümunədir ki, bu bank müflis deyil. Sadəcə bu bankın bəzi maliyyə problemləri var. Malliyə sistemində elə bank var ki, onlarda problem "AGBank"-dakından da çoxdur. Amma onlara qarşı tədbir görülmür".

Bunu eskpert Əkrəm Həsənov ABC.AZ-a Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmasını şərh edərkən deyib.

Ekspert "AGBank"-da yaranmış problemi belə izah edib: "Bu sıxıntılar ona görə yaranıb ki, bankın problemli krediti çoxdur. Çünki bu bank digər banklardan fərqli olaraq dövlət başçısının banklara "iqtisadi inkişaf üçün biznes krediti verin" tələbinə qoşularaq sırf istehlak krediti verməyib, biznes kreditləri verib. Həmin kreditlərin də kifayət qədər böyük girovları var. Həmin kreditləri bu gün bəzi sahibkarlar qaytara bilmir. Bank da onları məhkəməyə verir və əvvəl-axır udaraq kreditləri yavaş-yavaş qaytarır".

Ə.Həsənov başqa bir məqama da diqqət çəkərək "AGBank"-ın adının həmişə müsbət hallandığını və öhdəliklərini daim yerinə yetirdiyini bildirib: "Yəni bankın maliyyə nornativlərində bəzi sıxıntılar var, ona görə ki, problemli kreditləri var. Amma müştəriləri bundan əziyyət çəkməyib. Bu problemlərini daim həll edib. İndi buna klassik likvidlik problemi deyilir. Yəni bu o deməkdir ki, bank kreditləri indi müştərilərin ucbatından qaytara bilmir. İş məhkəmələrdə uzadılır. Bank da tez udub, kreditini qaytara bilmir, girovu tez satışa çıxarıb o aktivi pula çevirə bilmir. Burda da bəzi o krediti qaytatmayana kimi məcburdur ki, ehtiyat yaratsın. Ehtiyat yaradanda da bu bankın kapitalından çıxılır, həmin normativlər pozulur. Amma sabah o kreditlər qayıtdıqca normativlər bərpa olunur. Bütün dünyada belə banklara Mərkəzi Bank kredit verir, normativi bərpa edir, öhdəliklərini vaxtında yerinə yetirir və son nəticədə Mərkəzi Bankın da kreditini verir. Yəni bu tamamilə normal işgüzar bir vəziyyətdir. Bir daha deyirəm bundan pis vəziyyətdə olan banklar var, bu bankın yaxşı girovu, aktivi olan kreditləri var. Hesab edirəm ki, ölkənin ən köklü banklarından olan "AGBank"-ın bundan sonra sağlamlaşdırılması istiqamətində sanballı işlər görüləcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər