İlham Əliyev: Azərbaycandakı müsbət tendensiyalar 2018-ci ildə güclənəcək

11:14 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edib.

Dövlət başçısı deyib ki, 2017-ci ildə ölkə sürətlə və uğurla inkişaf etmişdir və bu müsbət tendensiyaların Azərbaycanda 2018-ci ildə də güclənəcəyi barədə əminlik mövcuddur.

“2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub ki, bu da həm yerli və həm də xarici investorların ölkəmizə vəsait qoymaqda maraqlı olduqlarını göstərir. Ancaq sabit olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaların cəlb edilməsi böyük nailiyyətdir.

2017-ci ildə ixrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. İdxal isə təqribən cəmi 1 faiz artmışdır.  Ticarət balansının müsbət saldosu 6,2 milyard dollardır.

 

Bütün xəbərlər