Bu qurum Daxili İşlər Nazirliyinə müraciət etdi - Sosial şəbəkələrdə yalan məlumatlar yayılır

16:59 - 28.04.2020


28 aprel, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyinin Daxili İşlər Nazirliyinə ünvanladığı telefonoqramda son günlər sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması əksini tapıb.

ABC.AZ-ın məlumatına görə, Birliyin müraciətində deyilir: “Qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyi haqqında yalan məlumatlar yayılıb.

“YouTube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “Instagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib. Buna görə də ölkə üzrə fəaliyyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və sair ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb.

Bildirmək istərdik ki, tövsiyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər