Azərbaycan prezidenti ölkədə 47 min iş yerinin bağlanılmasının səbəbini araşdırmağı tapşırıb

11.01.2018,11:17


11 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda dövlət başçısı 2017-ci ildə 221 min yeni iş yerinin, o cümlədən, 177 min daimi iş yerinin açıldığını  bildirib.

“Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə əsasən,  2017-ci ilin yekunlarına görə Azərbaycanda işsizlik 5%, yoxsulluq isə 5,4% səviyyəsindədir ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.