AYİB Azərbaycanda elektrik enerjisi şəbəkəsinin təkmilləşdirilməsinə pul ayıracaq

10:25 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda “yaşıl şəhər” layihəsinin istifadəyə verilməsində maraqlıdır.

ABC.AZ xəbər verir ki, bunu AYİB prezidenti Suma Çakrabarti prezident İlham Əliyevlə videokonfrans zamanı bildirib.

Onun sözlərinə görə, rəhbəri olduğu maliyyə təşkilatı bu layihənin reallaşdırılmasına 150 milyon dollar yatırmağa hazırdır. S. Çakrabarti həmçinin qeyd edib ki, onların elektrik enerjisi şəbəkəsinin təkmilləşdirilməsi sahəsində layihələrə 100-200 milyon avro yatırmaqlarında da problem yoxdur.

"Bərpa olunan enerji mənbələri sahəsində layihələri maliyyələşdirməyə, dövlət şirkətlərinin özəlləşdirilməsinə, suvarma sahəsində pilot layihə həyata keçirilməsinə, Azərbaycanda kommersiya banklarına texniki yardım göstərilməsinə, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə kiçik və orta biznes subyektləri ilə işləməyə hazırıq” deyə AYİB prezidenti bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər