Bu yataqda neft hasilatı 76 min barel azaldılacaq - 2 ay

17:47 - 30.04.2020


30 aprel, Fineko/abc.az. “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barel azaldılması nəzərdə tutulur.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27 min barel, gələn ildən etibarən isə, əlavə olaraq, gündəlik 26 min barel artıra biləcək. Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barel səviyyəsində proqnozlaşdırılır.

Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3 min barel azaldacaq, iyul-dekabr aylarında gündəlik 1 min barel, gələn il isə daha 1 min barel artıra biləcəklər.

OPEC+ razılaşmasından irəli gələn tədbirlər nəticəsində bu ilin may-dekabr aylarında Azərbaycanın xam neft hasilatı ümumilikdə 17.4 milyon barel azaldılaraq, 141.8 milyon barel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30.7 milyon ton və ya 226.3 milyon barel həcmində proqnozlaşdırılır. Qaz-kondensat yataqlarını istismar edən “Şahdəniz” konsorsiumunun və “Umid Babek Operating Company” əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda SOCAR-ın “Azneft” İB-nin və “Bahar Energy Operating Company Limited” əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər