"Atabank" və "Amrahbank"-ın işsiz qalan 930 əməkdaşı barədə AÇIQLAMA

14:23 - 1.05.2020


1 may, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən lisenziyaları ləğv edilmiş "AtaBank" və "AmrahBank"-ın işçilərinin taleyinin bundan sonra necə olacağı hələ də bilinmir.

Adıçəkilən bankların əməkdaşlarının işsiz qalması ilə yanaşı onların bir çoxunun çalışdığı yerdə bəzi öhdəlikləri də mövcud olmamış deyil. Belə ki, hamımıza məlumdur ki, zaman-zaman bankların təklif etdiyi bir sıra sərfəli kampaniyalardan elə ən birinci oranın əməkdaşları yararlanmağa çalışır. İndi isə əməkdaşların işsiz qalması onların götürdüyü kreditlərin ödəmələrini müşkülə çevirib.

Bəs görəsən işsiz qalan əməkdaşların bu öhdəlikləri necə olacaq, kreditləri necə qaytaracaqlar, onlara güzəştlər ediləcəkmi?

Bu sualla millət vəkili Vüqar Bayramova müraciət etdik.

Millət vəkili güzəştlərlə bağlı ABC.AZ-a konkret nəsə deməsə də, onların sığorta pulu alacaqlarını bildirdi: "Təbii ki, onların öhdəlikləri ola bilər.

İstisna deyil ki, onların kredit və digər öhdəlikləri var. Amma sözsüz mövcud qanunvericiliyə əsasən onlar işdən azad olunursa işsizliyə görə sığorta pulu alırlar. Müəyyən müddət həmin ödəniş hesabına öz xərclərini ödəməyə çalışacaqlar. Təbii ki, həmin müddətdə də məqsəd ondan ibarətdir ki, onların işlə təmin olunması həyata keçirilsin. O baxımdan əsas odur ki, işsizlikdən sığorta aldıqları müddətdə işlə təmin oluna bilsinlər. Həmin öhdəlikləri yerinə yetirməkdə çətinlikləri olmasın. Amma onlar üçün kredit ödənişlərində xüsusi bir güzəştlər tətbiq olunmur".

Qeyd edək ki, lisenziyası ləğv edilmiş "AtaBank"-ın əməkdaşları 380, "Amrahbank"-ın işçilərinin sayı isə 550 olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər