Bu Agentliyin səlahiyyəti artdı - Subsidiya mexanizmi təkmilləşəcək

12:38 - 4.05.2020


4 may, Fineko/abc.az. Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) aqrar sahəyə ayrılan subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək səlahiyyəti verilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı qurum sədri Mirzə Əliyev deyib ki, yeni səlahiyyətlər imkan verəcək ki, subsidiyaların aqrar sahəyə göstərdiyi qısa və uzunmüddətli təsiri araşdırılsın, onların səmərəliliyini artırmaq istiqamətində təkmilləşdirmələr aparılsın.

"Qurumun qarşısında duran əsas məqsəd subsidiyaların aqrar sahənin inkişafına real təsirini təmin etməkdir. Bunun üçün də subsidiyaların doğru ünvanlara çatması vacibdir” deyə Agentlik sədri əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən aqrar sahəyə subsidiya müraciətləri elektron sistem üzərindən qəbul edilir və fermerlərin kartlarına bir hissəsi nağdlaşdırılmayan, yalnız istehsal xərcləri üçün pos-terminallar vasitəsilə ödənilə bilən vəsait şəklində köçürülür.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər