Mərkəzi Bankdan sığorta şirkətlərinə 7 tövsiyə - Qaydalar

16:27 - 5.05.2020


5 may, Fineko/abc.az. Mərkəzi Bank pandemiya ilə əlaqədar yaranmış vəziyyətlə bağlı sığortaçılara tövsiyə edib.

ABC.AZ Azərbaycan Sığortaçılar Assosasiyasına istinadən xəbər verir ki, xüsusi karantin rejimi şəraitində izolasiya qaydalarına uyğun olaraq müştərilər ilə sığorta şirkəti əməkdaşları arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinin göstərilməsində müəyyən çətinliklər yaratdı. Bunu nəzərə alaraq  Mərkəzi Bank tərəfindən bir sıra  tövsiyələr verilib:

1. Zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların müraciətlərinin elektron poçt və elektron formada qəbul edilməsi (hadisələr barədə video və foto görüntülər daxil olmaqla);

2. Könüllü sığorta müqavilələri üzrə xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 2020-ci il 30 sentyabr tarixinə kimi möhlətin verilməsi;

3. Sığortaçılarda biznes proseslərinin pandemiya ilə əlaqədar yeni əməliyyat şəraitinə tam uyğunlaşdırılması üçün lazımi idarəetmə və texnoloji tədbirlərin görülməsi;

4. Könüllü sığorta müqavilələrinin elektron formada bağlanılmasının təmin edilməsi (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Sığorta fəaliyyəti haqqında” Qanunun və məlumatların mühafizəsi ilə bağlı hüquqi aktların tələbləri nəzərə alınmaqla);

5. Sığortaçıların öz internet səhifələrində xüsusi karantin müddətində iş rejimi ilə bağlı məlumatın və zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedurlarını açıqlaması;

6. Sığortalıların hüquqlarının qorunması məqsədilə sığortaçılarda qaynar xəttin fasiləsiz işlək olması ilə yanaşı sığortalıların video zənglər vasitəsilə qəbulunun təmin edilməsi:

7. Sığortaçıların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınması və 2020-ci il üzrə aralıq dividendlərinin ödənilməməsi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər