Prezident Bakıda modul tipli xəstəxananın açılışını edib

14:32 - 7.05.2020


7 may, Fineko/abc.az. Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.

Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.

 

Bütün xəbərlər