Tütün istehsalı artacaq - Şimal bölgəsində yeni əkinlər aparılıb

16:25 - 7.05.2020


7 may, Fineko/abc.az. “Azərtütün ASK” MMC tərəfindən 2020-ci ildə Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1583,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 189 fermerlə müqavilə bağlanılıb.

Tütün şitillərinin yetişdirilməsi üçün ümumi sahəsi 37 min 266 kvadratmetr olan istixanalar hazırlanıb və 36 min 739 kvadratmetr sahəyə toxum səpilib. Tütün əkilməsi üçün indiyədək 1468,7 hektar sahədə birinci şum aparılıb. Şumlanan sahələrin 1150,7 hektarı pərşum edilib, 1081,4 hektara mala çəkilib, 983,2 hektar sahədə şırım açılıb. Eyni zamanda, 879,1 hektara sahəyə gübrə səpilib. Fermerlər bu günədək 784,2 hektar sahəyə tütün şitilləri köçürüblər. Bu, nəzərdə tutulan tütün əkini sahələrinin 52,3 faizini təşkil edir. Şitil köçürülərkən texnikadan istifadəyə üstünlük verilir.

 

Bütün xəbərlər