BP BTC üzrə əməliyyatlara 25 milyon dollar xərcləyib - 3 ayda

11:49 - 12.05.2020


12 may, Fineko/abc.az. Bildiyiniz kimi BP Azərbaycan şirkəti 2020-ci ilin birinci rübü ilə bağlı hesabat yayıb.

ABC.AZ sözügedən hesabata istinadən xəbər verir ki, birinci rüb ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 3 milyon dollar xərclənib.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4457 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Rüb ərzində isə BTC vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 76 tankerə yüklənib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər