Şahdəniz 2 layihəsində 17 quyu qazılıb - 3 ayda

12:30 - 12.05.2020


12 may, Fineko/abc.az. İlin birinci rübü ərzində Şahdəniz 2 komandası sualtı quraşdırma işlərini, o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işlərini davam etdirib.

ABC.AZ-ın məlumatına görə, bu barədə BP Azərbaycan şirkətinin hesabatında qeyd olunub.

Qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə Xankəndi sualtı tikinti gəmisi və İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə sualtı qurğuların daşınması və quraşdırılması işləri davam edəcək.

Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal qazma qurğusu SDC05 sualtı quyusunun alt hissəsini qazmağa başlayıb. Maersk Explorer qurğusu SDF04 quyusunda qazma işlərini davam etdirib. Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu,  şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Müəllif: Elmir Mutad

 

Bütün xəbərlər