Sumqayıtda qoruyucu kombinezonlar istehsal olunacaq - Açılışı olub

14:43 - 12.05.2020


12 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda açılışda iştirak edib.

ABC.AZ xəbər verir ki, açılışda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalın başlanıldığı bildirilib.

Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır.

Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur.

Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır.

Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

 

Bütün xəbərlər