330x110
 

Bu nazirliyin 4 işçisi barəsində ittiham hökmü çıxarılıb - Açıqlama

12.05.2020,17:13


12 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cinayət əlamətləri olan 28 xidməti araşdırma üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa təqdim olunub.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, qeyd edilən materiallar əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla 18 material üzrə cinayət işləri başlanıb, digərləri üzrə isə prokuror təsir aktları tətbiq edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Başlanmış cinayət işləri üzrə 13 şəxs barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilib, 10 cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Məhkəməyə göndərilmiş cinayət işlərindən 2-i üzrə 4 şəxs barəsində ittiham hökmü çıxarılıb, 6 cinayət işi hazırda məhkəmələrin icraatındadır. Qeyd olunan işlər üzrə dövlətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməklə hazırda icraatda olan cinayət işləri üzrə ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif: Elmir Murad