330x110
 

Baş Prokuror "Eurohome"-la bağlı göstəriş verdi

13.05.2020,11:43


13 may, Fineko/abc.az. Mayın 11-i saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” MMC-yə məxsus ticarət mərkəzində yanğınla bağlı araşdırmalar davam edir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, yanğın söndürüldükdən sonra, Baş prokuror Kamran Əliyevin göstərişinə əsasən Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda iş üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilməlidir ki, 10 dekabr 2019-cu il tarixdə həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yanması ilə nəticələnən yanğın hadisəsinin baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanmaqla istintaqı aparılan cinayət işi üzrə zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin edilməklə rəylərin alınması, vətəndaşlara dəymiş 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib. Hər iki yanğın hadisəsinin “Eurohome” MMC-ə məxsus eyni ərazidə yerləşən ticarət mərkəzində baş verməsi səbəbindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində vahid icraatda davam etdirilir.