Azərbaycan Ordusunda şəxsi heyətə sınaq imtahanları keçirilir

12.01.2018,16:45


12 yanvar, Fineko/abc.az. Azərbaycan Ordusunun şəxsi heyətinə məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Müdafiə naziri tərəfindən təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

 “Müxtəlif təlim mərkəzlərində və çöl-səhra şəraitində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələr, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilir və hərbi qulluqçuların fiziki hazırlığının səviyyəsi yoxlanılır”, - məlumatda belə deyilir. 

Məlumatda qeyd edilir ki, hərbi qulluqçuların döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirilir.

 

Açar sözlər: Ordusu Müdafiə