Bu qədər iş adamına maddi yardım edilib - Statistika

16:07 - 15.05.2020


15 may, Fineko/abc.az. İndiyədək koronavirusdan zərərə düşən 132,5 min şirkət və sahibkar dövlətdən kömək istəyib.  ABC.AZ-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinə işçilərin maaşının bir hissəsinin ödənilməsi üçün 27 276  vergi ödəyicisi, maliyyə dəstəyi almaq üçün isə 105 225  fərdi (mikro) sahibkar, yəni ümumilikdə 132,501 vergi ödəyicisi müraciət edib.

Maaşının ödənilməsi üçün müraciət edən ümumilikdə 255 713 işçi var və bunlardan 27 267 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və vəsait köçürülməsi üçün Maliyyə Nazirliyinə yönəldilib. İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,44 mln. manat, o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,22 mln. manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 431 vergi ödəyicisinə 196 553  nəfər muzdlu işçinin əməkhaqqı üzrə 61,77 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 105 225  vergi ödəyicisindən müraciət daxil olub, 97 527  müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 57,29 mln. manat təşkil edir. Mayın 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 55,05 mln. manat vəsaitin 93 035  fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

 

Bütün xəbərlər