330x110
 

RoyalBank rəhbərliyinin fırıldaqçılığı açıqlandı - Detallar

18.05.2020,14:42


18 may, Fineko/abc.az. Ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, baş direktor vəzifəsində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq tamamlanıb.

ABC.AZ Baş Prokurorluğa istinadən xəbər verir ki, istintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8,5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7,3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulub, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunub. Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.