İşəgötürənlərə ciddi xəbərdarlıq – Qanunvericiliyə uyğun tədbirləri görüləcək

17:42 - 20.05.2020


20 May, Fineko/abc.az. Təhliliər aparılarkən bəzi işəgötürənlərin karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq məqsədilə müvafiq icazəni almaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqaviləsi bildirişlərini sistemə daxil etdiklərinə dair şübhələr yaranıb.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir ki, səlahiyyətlərindən sui-istifadə etməklə əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan həmin işəgötürənlərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər