Azərbaycan Misirə alüminium ixracına başlayıb – İlk dəfə

11:22 - 21.05.2020


21 may, Fineko/abc.az. Sumqayıt Texnologiyalar Parkı (STP) ilk dəfə olaraq Misirə alüminium pəstahlar ixrac edib.

ABC.AZ STP-yə istinadən verilən məlumata görə, bu, həmçinin Azərbaycan tarixində də Misirə ilk alüminium pəstah ixracıdır.

Müştəriyə ilkin olaraq ümumi həcmi 100 ton olan 6063 markalı çapı 178 mm, boyu 5800 mm olan alüminium pəstahlar istehsal edilib yola salınıb. Gələn ay daha 200 ton alüminium pəstah məhsulu göndərilməsi nəzərdə tutulur. Alüminium pəstah alüminium profillərin istehsalı üçün nəzərdə tutulmuş xammalıdır.

Azərbaycanda bu məhsul Sumqayıt Texnologiyalar Parkının Alüminium və Mis Profilləri Zavodunda istehsal olunur.  Qeyd edək ki, STP bundan öncə Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə alüminium pəstah və profillər ixrac edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər